...

Ali Məclisin növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

 

Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Qeyd olunub ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı dövrünü yaşayır. Ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib. Sürətli və dinamik sosial-iqtisadi inkişaf, yüksək rifah, sabitlik və təhlükəsizlik Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edib. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Vurğulanıb ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış strategiyası, aparılan genişmiqyaslı quruculuq işləri, məskunlaşma Azərbaycan dövlətinin iqtisadi qüdrətinin daha bir göstəricisidir. Görülən işlərin tərkib hissəsi kimi reallaşan Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsini təmin etməklə yanaşı, həm də muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoyacağı diqqətə çatdırılıb.

Ali Məclis sədrinin birinci müavini bildirib ki, sadalanan bu uğurlar ölkə Prezidenti cənab İlham Əliyevə böyük xalq sevgisi qazandırıb. Qürurverici haldır ki, vaxtilə doğum günlərində cəbhə bölgələrində olan müzəffər Ali Baş Komandan artıq hər il doğum gününü işğaldan azad olunmuş torpaqlarda yeni sosial obyektlərin, inzibati binaların və istehsal sahələrinin istifadəyə verilməsi ilə, ən əsası isə abad şəhər və kəndlərdə məskunlaşan sakinlərlə birgə qeyd edir.

Bəxtiyar Məmmədov Prezident cənab İlham Əliyevi doğum günü münasibəti ilə Ali Məclis adından təbrik edib, dövlətimizin inkişafı, xalqımızın rifahının yüksəlməsi yolunda ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

İclasda deputatlardan Arzu Abdullayev, Sevil Hacıyeva, Əli Həşimov və Asəf Orucov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib, Ona ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.

Sonra Ali Məclis sədrinin birinci müavini plenar iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini bildirib, gündəlik təsdiq olunub.

Gündəliyin birinci məsələsinin - “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

 

Qanun layihəsi ilə əlaqədar çıxış edən Ali Məclis sədrinin müavini Arzu Abdullayev “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsini ölkəmizin iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verdiyini bildirib, qanun layihəsini yüksək qiymətləndirib.

Sonra Qanun üçüncü oxunuşda qəbul olunub.