İyulun 1-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarla görüş keçirilib və onlara nişanları təqdim edilib.
Tədbirdə maliyyə naziri Həsən İsmayılov, nazir müavini Elvin Əlimərdanov, Nazirlik Aparatının struktur bölmələrinin rəhbərləri və əməkdaşlar iştirak ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 23 iyun 2025-ci il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu təltif olunub. Təltif edilənlər sırasında Maliyyə Nazirliyinin iki əməkdaşı – İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Ağəli Novruzov və Xəzinə şöbəsinin Büdcənin uçotu və hesabatı sektorunun müdiri Vüsal Məmmədov da yer alıb. Ağəli Novruzov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, Vüsal Məmmədov isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Nazir Həsən İsmayılov görüş zamanı əməkdaşları təbrik edərək nişanlarını təqdim edib, onların dövlət maliyyə sisteminin inkişafına verdikləri töhfələri və peşəkar fəaliyyətlərini yüksək qiymətləndirib. O vurğulayıb ki, bu cür təltiflər dövlət qulluğunda çalışan şəxslər üçün həm məsuliyyət, həm də stimuldur.
Sonda təltif olunmuş əməkdaşlar göstərilən yüksək diqqət və etimada görə təşəkkürlərini bildirərək dövlət qulluqçusu kimi üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməkdə davam edəcəklərini vurğulayıblar.
