...

Dövlət qulluqçularının etik davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib

May ayının 22-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Nazirliyin 2026-cı ilin I yarımili üzrə təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq təşkil edilib və məqsəd dövlət qulluqçularının etik davranış, antikorrupsiya standartları və şəffaf idarəetmə üzrə bilik və bacarıqlarının artırılması olub.

Tədbiri giriş sözü ilə Nazirlik Aparatının Daxili nəzarət və audit sektorunun əməkdaşı Aynur Məmmədova açaraq mövzunun əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, etik davranış qaydalarına riayət olunması sağlam iş mühitinin formalaşması, qarşılıqlı hörmət və etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri, etik davranış üzrə müvəkkil Nurlan Hacıyev çıxış edib. O, dövlət qulluğunda etik davranış prinsiplərinin peşəkarlıq, şəffaflıq, vətəndaş məmnunluğu və dövlət qulluğunun nüfuzunun qorunması baxımından vacibliyini vurğulayıb.
Çıxışda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblər, etik davranış üzrə müvəkkilin fəaliyyət istiqamətləri, eləcə də etik qaydaların pozulmasının intizam məsuliyyəti yarada biləcəyi diqqətə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, dövlət qulluqçularının xidməti fəaliyyətində dürüstlük, məsuliyyət, obyektivlik, şəffaflıq və vətəndaşlara hörmət prinsiplərinə əməl etməsinin vacibliyi qeyd olunub.