13 dekabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı əsasında maliyyə savadlılığının artırılması çərçivəsində “Mənim ailə büdcəm” adlı dərsdənkənar vəsaitin təqdimatı olub.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyk yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən nəşr olunan dərsdənkənar vəsaitin təqdimatında Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin rəhbər şəxsləri, dərnək rəhbərləri və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Tədbirin məqsədi şagirdləri dərsdənkənar vəsaitlə tanış etmək, onların büdcə savadlılığı üzrə biliklərini artırmaqla, maliyyə vəsaitlərindən daha ağıllı və səmərəli istifadə etmək bacarıqlarını yüksəltməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq Mərkəzin fəaliyyəti haqqında məlumat verib, dünyanın bir çox ölkələrində mütəmadi olaraq maliyyə savadlılığı üzrə təlimlərin keçirildiyini və bunun da insanlara öz maliyyə vəsaitlərindən düzgün istifadə etməyi aşılamaq məqsədi daşıdığını bildirib. Düzgün maliyyə qərarlarının verilməsinin şagirdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olduğunu onların diqqətinə çatdırıb. Qeyd edilib ki, maliyyə cəhətdən savadlı olan şagirdlərin gündəlik həyatda qarşılaşdıqları maliyyə vəziyyətlərinə qarşı öz problemlərini düzgün həll edə bilmə və planlı şəkildə qərarlar alma qabiliyyətləri yüksək olur.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Naizrliyinin Ümumi təhsil şöbəsinin şöbə müdiri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov maliyyə savadlılığının artırılmasının dövrün ən vacib tələblərindən biri olduğunu vurğulayaraq, hazırlanan vəsaitin şagirdlər üçün faydalı olduğunu bildirib. Vəsaitin şagirdlərin maliyyə sahəsində olan biliklərinin yüksəldilməsi, ailə büdcəsinin planlaşdırılması, qənaət və yığım vərdişlərini artırmaqla gələcəyə dair iqtisadi planlar qurmaları üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra Maliyyə Tədris Mərkəzinin əməkdaşı Aytən Mənsumzadənin təqdimatında dərsdənkənar vəsait haqqında məlumat verilib, ailə büdcəsinin mahiyyəti izah edilib, ailə gəlirlərinin mənbələri, büdcə qurmağın addımları, büdcənin planlaşdırılmasının əhəmiyyəti, xərclərin idarə olunması, maliyyə hədəfləri, qənaət, borc, yığım, vergi və sığorta ilə bağlı ayrı-ayrı bölmələr ətrafında danışılıb. Tədbirdə iştirak edən şagirdlərin aktivliyini və öyrənmə səviyyəsini müəyyən etmək üçün auditoriyaya suallar ünvanlanıb.
Sonda tədbirdə iştirak edək şagirdlərə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin sertifikatı təqdim edilib və ilkin olaraq 100 ədəd dərsdənkənar vəsait ümumtəhsil məktəblərinin kitabxanalarına hədiyyə edilib.