Aprelin 4-də Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov “Zoom” platforması üzərindən keçirilən təqdimat mərasimində iştirak edib. Mərasim Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun layihə rəhbəri olduğu “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” kitabının təqdimatına həsr olunub.
Təqdimat mərasimində çıxış edən Elvin Əlimərdanov bildirib ki, “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” kimi fundamental bir sənədin Azərbaycan dilində yüksək peşəkarlıqla təqdim olunması ölkəmizdə beynəlxalq peşə standartlarına inteqrasiyanın göstəricisidir. Nazir müavini qeyd edib ki, məcəllənin hüquqi baxımdan tanınması və tətbiqi şəffaflığın və dürüstlüyün təmin edilməsində mühüm rol oynayacaq.
“Maliyyə hesabatlarında şəffaflığın pozulması və vəsaitlərin təyinatından kənar istifadəsi etika prinsiplərinin pozulması ilə bağlıdır. Bu baxımdan, məcəllə yalnız prinsip və qaydalar toplusu deyil, həm də peşəkar mühasibin daxili mədəniyyətini formalaşdıran sənəddir”, – deyə Elvin Əlimərdanov vurğulayıb.
O, həmçinin bildirib ki, mühasib nə qədər bilikli olsa da dürüstlük və etibar prinsiplərinə əməl etmədiyi halda nəticələr hər zaman riskli ola bilər. Məcəllənin tətbiqi bu riskləri minimuma endirməyə xidmət edir.
Təqdimat mərasimi çıxışlardan sonra sual-cavab ilə başa çatıb.