Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanovun həmmüəllifi olduğu “Mühasibat uçotu” kitabının VI nəşri çap olunub.
2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə kitabın “dərs vəsaiti” kimi çap olunması tövsiyə edilib və ilk nəşr tarixindən etibarən universitetlərdə tədrisinə icazə verilib. Kitab müxtəlif illərdə əlavə və dəyişikliklər edilməklə təkrar və ya yeni nəşr kimi 5000 nüsxədən çox çap olunub.
Elvin Əlimərdanovun həmmüəllifi olduğu kitab 2018-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Auditorlar Palatasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının, Gənc Mühasiblər İctimai Birliyi və digər bir sıra nüfuzlu qurumların təşkilatçılığı ilə keçirilən II Milli Mühasiblər Forumunda maliyyə uçotu istiqaməti üzrə “İlin ən yaxşı kitabı” nominasiyasına layiq görülüb.
Dərs vəsaitində praktiki nümunələr göstərilməklə müəssisənin təsis edilməsindən başlayaraq iqtisadi fəaliyyəti dövründə baş verən hadisə və proseslərin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli Qərarında müəyyən edilən vahid Hesablar Planına uyğun hesablardan istifadə edərək əməliyyat jurnallarına, baş kitablara, dövriyyə cədvəllərinə qeyd edilməsi və müəssisənin maliyyə hesabatlarının Mühasibat Uçotunun Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IAS və IFRS) əsasında hazırlanması əks olunub.
Dərs vəsaiti Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanlarına hazırlaşan şəxslər, mühasiblər, maliyyəçilər, auditorlar, iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələri, müəllimləri və mühasibat uçotu elminə maraq göstərən digər şəxslər tərəfindən istifadə edilir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən muxtar respublikanın qabaqcıl gənclərinin dəvət edilməsilə maliyyə və mühasibat uçotu sahəsində peşəkar kadrların yetişdirilməsi və maliyyə savadlılığının artırılması məqsədilə hər bir iştirakçıya dərs vəsaiti təqdim ediləcək və Nazirliyin dəstəyi ilə dərs vəsaitinin proqramı əsasında ödənişsiz təlimlər təşkil ediləcəkdir.
Qeyd edək ki, “Mühasibat uçotu” kitabının yeni nəşri ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında tanış olmaq mümkündür.