...

Maliyyə Nazirliyində “İnsan hüquqlarının təminində şəffaf maliyyə idarəetməsi” mövzusunda tədbir keçirilib

İyunun 17-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının təminində şəffaf maliyyə idarəetməsi” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd insan hüquqlarının qorunmasında dövlət orqanlarının məsuliyyətini, vətəndaş müraciətlərinə həssas yanaşmanı, şəffaflıq və hesabatlılıq prinsiplərini, eləcə də rəqəmsal maliyyə idarəetməsinin bu sahədə yaratdığı imkanları müzakirə etmək olub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov “İnsan Hüquqları Aylığı”nın əhəmiyyətindən, insan hüquq və azadlıqlarının qorunmasında dövlət orqanlarının rolundan danışıb. Bildirilib ki, insan hüquqlarının təmin edilməsi dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən mühüm prinsipdir. Dövlət orqanları öz fəaliyyətində qanunçuluğu, şəffaflığı, ədalətliliyi, vətəndaş məmnunluğunu və hesabatlılığı əsas götürməklə bu sahəyə mühüm töhfə verir.

Nazir müavini qeyd edib ki, şəffaf maliyyə idarəetməsi insan hüquqlarının təminində xüsusi əhəmiyyət daşıyır. Dövlət vəsaitlərinin səmərəli, məqsədyönlü və şəffaf idarə olunması vətəndaşların sosial rifahına, dövlət xidmətlərinə bərabər çıxış imkanlarının genişləndirilməsinə və ictimai etimadın möhkəmlənməsinə xidmət edir.

Sonra Nazirlik Aparatının aparıcı məsləhətçi-hüquqşünası Aynur Məmmədova və aparıcı məsləhətçisi Tural Məmmədzadə mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Məruzələrdə vətəndaş məmnunluğunun təmin olunması, şəffaflıq və hesabatlılıq prinsipləri, eləcə də rəqəmsal maliyyə idarəetməsinin yaratdığı imkanlar barədə məlumat verilib.

Sonda mövzu ətrafında ümumiləşdirmə aparılıb, insan hüquq və azadlıqlarının qorunmasının hər bir dövlət orqanının gündəlik fəaliyyətində əsas prinsiplərdən biri olduğu vurğulanıb.