...

Maliyyə Nazirliyində ictimai sektor mühasibləri üçün növbəti uzunmüddətli təlimlərə start verilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə ictimai sektor təşkilatlarında çalışan mühasiblərin peşəkarlığının artırılması və Peşəkar Mühasib Sertifikatının (PMS) əldə edilməsi istiqamətində növbəti uzunmüddətli təlimlərə başlanılıb.

Təlim başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Tural Məmmədzadə çıxış edərək bildirib ki, dövlət idarəetmə sistemində şəffaflığın və hesabatlığın gücləndirilməsi üçün mühasibat uçotunun beynəlxalq standartlara uyğun qurulması vacibdir.

O qeyd edib ki, bu təlimlərin əsas məqsədi muxtar respublikada dövlət orqanlarında çalışan mühasiblərin bilik və bacarıqlarını artırmaq, onları beynəlxalq standartların və mövcud qanunvericiliyin tələblərinə uyğun sertifikatlaşdırmaq və peşəkar inkişaflarını dəstəkləməkdir.

Nazirliyin əməkdaşı İman Yusifov tərəfindən aparılacaq təlimlər ilkin mərhələdə mühasibatlıq üzrə baza biliklərinin artırılması ilə başlayacaq, daha sonra isə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) istiqamətində peşəkar mühasib sertifikatı (PMS) proqramına uyğun davam etdiriləcəkdir. Təlim prosesində iştirakçılara Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin imtahan formatına uyğun sınaq imtahanları təşkil ediləcəkdir.

Qeyd edək ki, cari ilin mart ayından etibarən eyniadlı təlimlərin uğurlu tədrisini həyata keçirən İman Yusifovun təcrübəsi bu gün keçirilən proqramın daha səmərəli təşkilinə mühüm töhfə verir. İki ay müddətində davam etməsi nəzərdə tutulan təlimlər Naxçıvan Muxtar Respublikasında mühasibatlıq sahəsində peşəkar inkişafın təşviqi və beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.