Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində muxtar respublikanın büdcə təşkilatlarının mühasibləri üçün keçirilən “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” adlı 3 günlük təlimlərin birinci mərhələsinə yekun vurulub.
Mühasibat uçotunun elmi əsaslarına uyğun olaraq təşkil edilən təlimlərə muxtar respublikada fəaliyyət göstərən 72 büdcə təşkilatının 90-dan çox mühasibi cəlb olunub. Əvvəlcə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova tərəfindən mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması nəticəsində ortaya çıxan müasir tələblər və baş mühasibin qarşısında duran ən vacib vəzifə kimi peşəkar mühasib sertifikatının alınması qaydaları izah edilib, qiymətləndirilmə haqqında məlumat verilib.
Sonra iştirakçılara iki variantda imtahan kitabçası təqdim olunub. Keçirilən təlimi əhatə edən və 3 saat ərzində davam edən imtahan prossesi test tapşırıqları və praktiki məsələdən ibarət olmaqla hər biri üzrə 50 bal, ümumilikdə 100 ballıq sistem üzərindən qiymətləndirilmə aparılıb.
Qeyd edək ki, fərqli qruplar üzrə təşkil olunan 3 günlük təlimlər zamanı peşəkar mühasib Arzuman İmanov və Maliyyə Tədris Mərkəzinin əməkdaşı Həsən Abdullayev tərəfindən keçirilən təlimlərdə mühasibat uçotunun son məhsulu olan maliyyə hesabatının hazırlanması prossesi nəzəri və praktiki cəhətdən iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin keçirilməsinin əsas məqsədi təşkilatlarda maliyyə-mühasibat işinin beynəlxalq standartlara uyğun olaraq aparılması, müasir tələblər istiqamətində maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin peşəkar biliklərinin artırılmasından ibarətdir. Layihənin ikinci mərhələsində təlimlərin ayrı-ayrı rayonlar üzrə təşkil ediləcəyi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti