Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Peşəkar mühasib sertifikatının alınması üçün keçiriləcək imtahanlara hazırlıq qruplarına start verilib.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 noyabr tarixli 401 saylı qərarına əsasən büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabr tarixinədək peşəkar mühasib sertifikatına malik olmalıdır. Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər. Belə ki, büdcə təşkilatlarında baş mühasib vəzifəsində çalışmaq istəyən şəxslər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatını iki səviyyə üzrə əldə edə bilərlər. I səviyyə üzrə sertifikat əldə edənlər yerli xərclərdən, II səviyyə üzrə sertifikat əldə edənlər isə mərkəzləşdirilmiş xərclərdən maliyyələşən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilər. İmtahanda iqtisadi sahədə orta ixtisas təhsili və 5 il stajı olan və ya ixtisasından asılı olmayaraq ali təhsilli şəxslər iştirak edə bilər.