Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat” ixtisası üzrə IV kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsinə başlayıblar.
Təcrübənin ilk günündə tələbələrlə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, Nazirlik Aparatının aidiyyəti struktur bölmələrinin rəhbərləri və tələbələr iştirak ediblər.
Maliyyə naziri tələbələri salamlayaraq onlara istehsalat təcrübəsində uğurlar arzulayıb. Bildirilib ki, istehsalat təcrübəsi tələbələrin ali təhsil müddətində əldə etdikləri nəzəri biliklərin praktiki mühitdə tətbiqi, peşə vərdişlərinin formalaşdırılması və gələcək əmək fəaliyyətinə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir çıxışı zamanı tələbələrə ixtisasları üzrə bilik və bacarıqlarını davamlı şəkildə təkmilləşdirməyi, təcrübə müddətində fəal iştirak etməyi, verilən tapşırıqlara məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Görüş zamanı tələbələrə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu, büdcə-maliyyə sistemində rolu, eləcə də struktur bölmələrin iş prinsipləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mühasibat uçotu, maliyyə nəzarəti, büdcə prosesi və maliyyə intizamı sahəsində peşəkar kadrların hazırlanması günün aktual tələblərindəndir.
Sonda tələbələrin təcrübə proqramı çərçivəsində Nazirliyin müvafiq struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olacaqları, iş prosesində iştirak etməklə mühasibat və maliyyə sahəsində praktiki bilik və bacarıqlarını daha da təkmilləşdirəcəkləri bildirilib.