İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bəxtiyar Məmmədov iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2026-cı il 12 may tarixində Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrasına dair illik hesabat və “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Qanun layihəsi Ali Məclisin İqtisadi siyasət komitəsinin iclasında müzakirə edilib.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov qanun layihəsi haqqında məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə əlaqədar maliyyə naziri Həsən İsmayılov çıxış edib.

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrasının təhlilinin nəticələri haqqında auditor hesabatı”nı diqqətə çatdırıb.
Deputatlardan Ramil Nəbiyev, Vüsal Məmmədzadə və Mahir İsmayılov gündəlikdə duran məsələ ilə bağlı çıxış etdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.