...

“Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ikinci oxunuşda qəbul olunub

İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə üç məsələnin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ-ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov məlumat verib və komitənin rəyini diqqətə çatdırıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov çıxış edib. Nazir Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası ilə bağlı göstəriciləri nəzərə çatdırıb və bildirib ki, ölkə rəhbərinin Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində hesabat ili muxtar respublikada uğurlu iqtisadi göstəricilər, büdcə daxilolmalarında nəzərəçarpan artım və iqtisadiyyatın müxtəlif sahələri üzrə dinamik inkişafla xarakterizə olunub.
Diqqətə çatdırılıb ki, hesabat ilində büdcə xərclərinin ilkin olaraq yerli daxilolmalar hesabına maliyyələşdirilməsi əsas prioritetlərdən biri olub. Yerli yığımların artması nəticəsində dotasiya vəsaitinə qənaət edilib və büdcə xərclərinin əhəmiyyətli hissəsinin daxili mənbələr hesabına maliyyələşdirilməsi təmin olunub.
Həsən İsmayılov dövlət maliyyəsinin idarə olunması sahəsində normativ-hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb. Bildirilib ki, fiskal siyasətin təkmilləşdirilməsi, dövlət vəsaitlərindən istifadənin nəticəyönümlülüyünün artırılması, maliyyə nəzarətinin gücləndirilməsi, rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi qarşıya qoyulan əsas vəzifələrdəndir.
Çıxışın sonunda nazir vurğulayıb ki, həyata keçirilən iqtisadi və fiskal siyasət Naxçıvan Muxtar Respublikasının maliyyə dayanıqlılığının möhkəmləndirilməsinə, əhalinin rifahının yüksəldilməsinə və qarşıya qoyulan inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir.
Müzakirələrdən sonra “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.