21 avqustda Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində cari ilin 7 ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov çıxış edərək 2023-cü ilin ötən müddətində Naxçıvan Muxtar Respublikasında iqtisadi sahədə aparılan ciddi islahatların ilkin nəticələrinin Naxçıvan Muxtar Respublikasının büdcəsinin əsas göstəricilərində rəqəm ifadəsi ilə aydınlıqla özünü göstərdiyini bildirmişdir.
Qeyd edilmişdir ki, cari ilin 7 ayı üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon manat və ya 10 faiz çox, 99,2 milyon manat məbləğində icra edilmişdir. Buradakı əsas məqamlardan biri odur ki, ötən il Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinə aid edilən gömrük yığımları üzrə gəlirlərin (yol vergisi üzrə daxilolmalar istisna olunmaqla) muxtar respublika gəlirlərindən çıxarılaraq Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasının gəlirlərinin icrası ötən ilə nisbətən müsbət göstəricilərə malik olmuşdur.
Bildirilmişdir ki, büdcənin xərclərində də nəzərə çarpacaq dərəcədə dəyişikliklər olmuş, büdcənin xərclərində qənaət təmin edilmiş, ötən ilin eyni dövrü üzrə xərclərlə müqayisədə 47,4 milyon manat az vəsait xərclənmiş, cari ilin ötən 7 ayında Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 287,8 milyon manat icra edilmişdir.
Cari ilin ötən 7 ayında Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına qanunamüvafiq qaydada aparılmış nəzarət tədbirlərinin davam etdirilməsi, büdcə xərclərinin icrası zamanı büdcə təşkilatları tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə maliyyə orqanları tərəfindən nəzarət təmin edilərək əsassız xərclərin qarşısının alınmasının büdcə xərclərinin azalmasında rolu da vurğulanmışdır.
Diqqətə çatdırılmışdır ki, gəlirlərin artması və xərclərin azalması hesabına Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın miqdarında da nəzərə çarpan azalma təmin edilmiş, ötən ilin 7 ayına nisbətən 29 milyon manat az, 195 milyon manat məbləğində dotasiya alınmışdır.
“Qeyd edilən göstəricilərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün büdcəsinə dəyişikliklər həyata keçirilmiş, büdcənin plan göstəriciləri dəyişdirilmişdir” deyə nazir müavini əlavə etmişdir.
Bundan əlavə bildirilmişdir ki, cari ilin ötən 7 ayında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin bütün fəaliyyət istiqamətlərinə uyğun səmərəli iş aparılması daim diqqətdə saxlanılaraq cari ilin ötən müddəti ərzində maddi-texniki bazanın gücləndirilməsi, elektron informasiya sistemləri üzrə təhlükəsizliyin artırılması, səmərəli iş mühitinin yaradılması üzrə ciddi tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin veb-saytının “nmaliyye.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürülməsi, Nazirliyin sifarişinə uyğun olaraq saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün zəruri texniki tədbirlərin görülməsi haqqında əməkdaşlara qısa məlumat verilmişdir.
İclasda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Nazirlik tərəfindən görülmüş işlərə də toxunulmuş, ümummilli liderin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “intellektual bilik yarışı”, “beynəlxalq konfrans”, “Yeni dövrün ən yaxşı mühasibi” III muxtar respublika müsabiqəsi kimi bir sıra tədbirlərin keçirildiyi kollegiya iştirakçılarının diqqətinə çatdırılmışdır.
Nazir müavini onu da bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatı üçün çox mühüm hadisə hesab edilən Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə maliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrasının təmin edilməsi, Naxçıvan Muxtar Respublikasının növbəti illər ərzində sosial-iqtisadi göstəricilərində mühüm dəyişikliklərin həyata keçirilməsi və bununla Naxçıvan Muxtar Respublikası büdcəsinin prioritet hədəflərinə çatdırılması nəzərdə tutulur.
Sonra iclasın gündəliyinə uyğun olaraq Nazirliyin müvafiq şöbələri tərəfindən 2023-cü ilin 7 ayı ərzində görülmüş işlər barədə məlumat verilmiş, 2024-cü il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibi, büdcənin icrası və dürüstləşmə barədə çıxışlar dinlənilmişdir.
Sonda Həsən İsmayılov muxtar respublikada maliyyə sahəsində şəffaflığın təmin edilməsi, büdcə vəsaitlərinə nəzarətin gücləndirilməsi, qənaətcil və səmərəli maliyyəşdirilmənin təmin edilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün Nazirliyin kollektivinin işə lazımi qaydada məsuliyyətli yanaşmasını diqqətə çatdırmış, əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti