...

Peşəkar Mühasib Sertifikatı (PMS) ilə bağlı yeni dəyişikliklər qüvvəyə minib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Yeni qaydalara əsasən:

Peşəkar mühasib sertifikatlarının hər bir növü üzrə imtahan tapşırıqları Maliyyə Nazirliyinin nümayəndələrinə yalnız Dövlət İmtahan Mərkəzinin inzibati binasında qapalı rejimdə təqdim ediləcək.

İmtahanda iştirak edəcək namizədlər imtahana 5 gün qalmış məlumatlandırılacaq. Əvvəllər bu müddət 10 gün idi.

İmtahan haqqında elan Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında yerləşdiriləcək və namizədlər elanın verildiyi gündən etibarən 30 gün ərzində qeydiyyatdan keçə biləcəklər.

Qeydiyyat “Şəxsi kabinet” vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Namizədlər aşağıdakı sənədləri təqdim etməlidir:

Orta ixtisas və ya ali təhsil haqqında diplomun surəti;

Azı 5 illik mühasibatlıq iş stajını təsdiq edən sənəd (orta ixtisas təhsili olanlar üçün);

Qaydalarda göstərilən müvafiq sertifikatların surəti (mövcud olduqda) və onların həqiqiliyini təsdiqləyən sənəd.

Əlavə olaraq:

İmtahanın hər mərhələsində toplanan bal yalnız bir dəfə istifadə oluna bilər;

Toplanmış bal 5 il ərzində qüvvədə qalır.