Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən İnsan Hüquqları Aylığı çərçivəsində muxtar respublika üzrə şəhid övladlarını bir araya gətirən “Bir gülüş, bir dünya” adlı tədbir təşkil olunub.
Görüş iştirakçıları əvvəlcə Nazirlikdə rəhbərlik və əməkdaşlarla tanış olublar. Maliyyə naziri Həsən İsmayılov uşaqlarla söhbət edib və Nazirliyin fəaliyyəti barədə məlumat verib.
Nazir görüş zamanı bildirib ki, hər bir şəhid övladı və ailəsi daim diqqətdə saxlanılmalıdır və onların üzündə təbəssüm yaratmaq hər birimizin vətənə olan sədaqət borcudur. Həsən İsmayılov əlavə edib ki, bu görüş uşaqların üzündə xoş və dərin bir gülüş yaratmaq, hər birini yaxından tanımaq və onların səmimi ünsiyyətlə dolu, əyləncəli bir gün keçirmələrini təmin etmək məqsədi ilə təşkil olunub.
Sonra tədbir Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında davam edib. Maraqlı və əyləncəli proqramların təşkil olunduğu Parkda əməkdaşlarla uşaqlar səmimi mühitdə vaxt keçiriblər. Valideynlər üçün çay süfrəsi təqdim edilib, görüş səmimi atmosferdə davam edib.
Sonda uşaqlara xatirə şəkli təqdim olunub. Tədbir uşaqların xoş anlarla dolu bir gün keçirməsinə və onların əyləncəli, səmimi mühitdə vaxt keçirməsinə imkan yaradıb.