...

Təcrübəçi tələbələr arasında intellektual bilik yarışı keçirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin V kurs “Mühasibat uçotu və audit” ixtisası üzrə qiyabi təhsil alan tələbələr arasında intellektual bilik yarışı keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli idarəçilik sistemi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, intellektual bilik yarışının keçirilməsinin məqsədi təcrübə müddətində tələbələrin qazandıqları biliklərinin möhkəmləndirilməsi və mənimsəmə dərəcəsinin müəyyən edilməsindən ibarətdir.

Ümumilikdə yarışda 3 komanda iştirak edib. Yarış Ulu Öndər Heydər Əliyevin fəaliyyəti,  dünyagörüşü və mühasibat uçotu ilə bağlı mövzuları əhatə edən 40 sual əsasında keçirilib.

Bilik yarışında öz  fəallığı və  intellektual səviyyəsi ilə seçilən qalib  komandalar tur üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib. “Auditor” komandası birinci , “Təftişçi” komandası ikinci, “Mühasib” komandası üçüncü yerin qalibi olub.

 

 

 “Kahoot” proqramı əsasında təşkil edilən yarışın sonunda, nəticələrə uyğun olaraq, qalib komandanın üzvlərinə Maliyyə Tədris Mərkəzinin diplomu təqdim olunub.