Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat” ixtisasında əyani şöbə üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində istehsalat təcrübəsinə cəlb olunub. 29 aprel tarixindən başlayan təcrübənin ilk günündə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova tələblərlə görüşüb, onlara Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsi və strukturu haqqında məlumat verib. Bildirilib ki, təcrübənin irəliləyən günlərində ayrı-ayrılıqda şöbələr və onların iş prinsipi ilə də tanışlıq olacaq. Qeyd edək ki, təcrübənin keçirilməsinin əsas məqsədi tələbələrin peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, ali təhsil müəssisələrində qazanılmış biliklərin təkrarlanması ilə nəzəri əsasların təcrübədən alınan biliklərlə zənginləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsindən ibarətdir.