8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi xalqımızın azadlığı, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.
İlk olaraq Nazirliyin əməkdaşları Naxçıvan şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək şanlı qələbəmizin rəmzi kimi ucaldılmış abidə önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini anıblar.
Daha sonra Nazirliyin kollektivi Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub.
Qeyd edək ki, bu il xalqımızın Şanlı Zəfərinin 5-ci ildönümü qeyd olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun igidliyi, şəhidlərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi nəticəsində qazanılmış bu Qələbə tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. Bu tarixi Zəfərdə payı olan bütün şəhidlərimizin əziz xatirəsi xalqımız üçün müqəddəsdir və daim hörmətlə yad ediləcəkdir.
