...

Beynəlxalq Mühasiblər Günü qeyd olunub.

        Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 10 noyabr-Beynəlxalq Mühasiblər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Mühasiblər günü qeyd edilib.

        Tədbirdə muxtar respublikanın büdcə və kommersiya təşkilatlarında çalışan baş mühasiblər və maliyyə direktorları, peşəkar mühasib sertifikatı əldə edən, təqaüddə olan mühasiblər və  ali məktəbin Mühasibat uçotu ixtisasında təhsil alan tələbələr iştirak edib.

 

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehriban İmanova Ulu Öndər Heydər Əliyevin ölkənin iqtisadi inkişafında olan müstəsna xidmətlərini vurğulayaraq,  mühasibat uçotunun və mühasib peşəsinin vacibliyini qeyd edib. Bildirilib ki, ölkə iqtisadiyyatında ən vacib məqam əlavə dəyər yaratmaqdır ki, bu işin dayağı mühasibatlıq sayılır. Mühasib peşəsi bütün zamanlarda tələbat və hörmət duyulan xüsusi peşə olub və sağlam maliyyə uçotu sistemi biznesin qan damarı hesab olunur. Daha sonra "Beynəlxalq Mühasiblər Günü"nün təsis edilmə tarixindən danışan Mehriban İmanova bu münasibətlə  bütün mühasibləri təbrik edib,  onlara iş fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin proqramına uyğun ilk olaraq Mərkəzin əməkdaşı Aytən Mənsumzadə “Mühasibat uçotunun tarixi inkişafı və gələcəyi” mövzusunda slaydlar vasitəsilə təqdimat nümayiş etdirib.
         Sonra Türkiyə Respublikasından onlayn olaraq tədbirə qoşulan  peşəkar mühasib  İsmayıl Tekbaş “XXI əsrdə mühasibatlığın yeni mərhələsi: Kosmos mühasibatlığı” mövzusunda çıxış edərək kosmik iqtisadiyyatın mühasibat elminə, peşəsinə təsiri və kosmos mühasibatlığının vacib məqamları haqqında geniş məlumat verib.
         Sonda mühasibat uçotu üzrə müxtəlif fəaliyyətlər əsasında təltiflər olub.