8 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Fövqəladə hallardan qorunma, yanğın təhlükəsizliyi və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri” mövzusunda seminar-müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən seminar-müşavirəni giriş sözü ilə Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Ağəli Novruzov açaraq qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə hallara dair məlumatların verilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsi, eləcə də qış mövsümü dövründə dəm qazından zəhərlənmə və digər xoşagəlməz hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir.
Sonra Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidovun müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi ilə bağlı tələblər, yanğın hadisəsi zamanı davranış qaydaları, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri, zəhərlənmənin profilaktikası və digər aidiyyəti mövzular üzrə məruzəsi dinlənildi, mövzulara uyğun slaydlar təqdim edildi.
Sonda tədbir iştirkaçılarının mövzular üzrə sualları cavablandırıldı və müzakirələr aparıldı.