...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində kollegiya iclası keçirilib.

19 yanvar 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2023-cü ildə görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

            İclas başlamamışdan əvvəl iştirakçılar “20 Yanvar” şəhidlərinin, eyni zamanda Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

            Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov iclası giriş sözü ilə açaraq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən  inkişaf strategiyasından, ərazi bütövlüyümüzün bərpa edilməsindən, Azərbaycanda gündən-günə daha geniş vüsət alan sürətli inkişafdan bəhs etdi.

            Sonra iclasın gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən 2023-cü il ərzində görülmüş işlər və qarşıda duran məsələrə dair çıxış edən nazir müavini qeyd etdi ki, 2023-cü il maliyyə göstəriciləri baxımından Naxçıvan Muxtar Respublikası üçün uğurlu bir il olub.

            Belə ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 152,2 milyon manat plana qarşı 121,13 faiz və ya 184 385 484 manat məbləğində icra edilmişdir, büdcəyə nəzərdə tutulandan 32 163 484  manat çox vəsait toplanıb.

            Hesabat ili ərzində Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 605 013 000 manat proqnoza qarşı 16,6 faiz və ya 100 696 957 manat az, 504 316 058 manat məbləğində icra edilmişdir. Bu məbləğ 2022-ci ilin analoji xərc göstəricisindən (605 869 766) 101 553 723 manat azdır.

   Diqqətə çatdırıldı ki, təşkilatlar və digər bütün büdcə iştirakçıları üzrə əvvəlki illərə nisbətdə sosial xərclər, stimullaşdırıcı mükafat və maddi yardımlar həcminə görə müsbət artımla icra edilmişdir.

   Həmçinin bildirildi ki, 2023-cü ildə Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikası büdcəsinə ayrılan dotasiya nəzərdə tutulandan (452 791 000 manat) 30,43 faiz və ya 137 791 000 manat az, 315 milyon manat məbləğində icra edilmişdir. 2023-cü ildə alınmış dotasiya 2022-ci illə müqayisədə (425 milyon manat) 110 milyon manat az olmuşdur.

Gəlir və xərclərin təhlili zamanı Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərindən alınmış dotasiya məbləği Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcə xərclərinin maliyyələşdirilməsində 62,5 faiz təşkil etdilməsinin müşahidə edildiyini qeyd edən nazir müavini vurğuladı ki, bu 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 37,5 faizinin yerli yığımlar hesabına təmin edilməsi deməkdir. Və əldə olunan göstərici indiyə qədərki ən yaxşı göstəricidir.

Daha sonra Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında danışan Həsən İsmayılov qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının 28 dekabr 2023-cü il tarixli Qanununa əsasən Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsində gəlirlər 173 milyon 105 min manat proqnozlaşdırılmışdır ki, bu məbləğ 2023-cü ilin büdcə gəlirləri ilə müqayisədə 20 milyon 883 min manat və ya 13,7 faiz çoxdur.

İclasın gündəliyinə uyğun Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri İbrahim Vəliyev “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi”, Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyevin “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası” barədə çıxışları dinlənildi.

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Naxçıvan Şəhər Maliyyə İdarəsi, Babək Rayon Maliyyə İdarəsi və Şahbuz Rayon Maliyyə Şöbələri tərəfindən 2023-cü ildə görülən işlər və 2024-cü ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək işlər barədə məruzələr dinlənildi.

Sonda “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin 2024-cü il üçün İş Planı”nın layihəsi kollegiya iştirakçılarına tədqim olundu və müzakirələrdən sonra iş planı təsdiq edildi.

Kollegiya iclasına yekun vuran Həsən İsmayılov vurğuladı ki, 2023-cü ildə maliyyə sahəsində həyata keçirilən tədbirlərin nəticəsi bitmiş büdcə ilini maliyyə göstəriciləri tərəfdən qənaətbəxş sayılmaqla bərabər, həm də qarşımızda görülməli olan ciddi işlərin mövcudluğunu bizə göstərir. Bu mənada hər bir maliyyəçinin öz vəzifələri layiqincə icra etməsi növbəti ildə görülən işin keyfiyyətinin yüksəldilməsinə, dövlət vəsaitlərinin səmərəli və qənaətcil icrasına şərait yaradacaq, etibarlı maliyyə sistemi formalaşdırılacaqdır.