Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasında qiyabi şöbə üzrə təhsil alan V kurs tələbələri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində istehsalat təcrübəsinə cəlb olunub.
02 oktyabr 2023-cü il tarixindən başlayaraq bir ay davam edəcək istehsalat təcrübəsinin ilk günündə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əsasnaməsi və strukturu haqqında məlumat verərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələri layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadəyə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bildirilib ki, Maliyyə Nazirliyi maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir, dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlayır
Sonra Nazirliyin strukturu haqqında məlumat verilərək, təcrübənin irəliləyən günlərində ayrı-ayrlılıqda şöbələr və onların iş prinsipi ilə də tanışlığın olacağı izah edilib.
Qeyd edək ki, təcrübənin keçirilməsinin əsas məqsədi tələbələrin peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, ali təhsil müəssisələrində qazanılmış biliklərin təkrarlanması ilə nəzəri əsasların təcrübədən alınan biliklərlə zənginləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsindən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti