“Sülh Aylığı” çərçivəsində intellektual oyun keçirilib
Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 21 Sentyabr-Beynəlxalq Sülh Günü münasibətilə elan edilmiş “Sülh Aylığı” çərçivəsində intellektual oyun keçirilib. Oyunda Nazirlik Aparatının struktur bölmələri ayrı-ayrı komandalar şəklində təmsil olunublar.
Tədbirin açılışında Maliyyə Tədris Mərkəzinin direktoru vəzifələrini müvəqqəti icra edən Tural Məmmədzadə çıxış edərək bildirib ki, “Sülh Aylığı”nın əsas məqsədlərindən biri cəmiyyətdə qarşılıqlı hörmət, etimad, dialoq və sülh mədəniyyətinin təşviqidir. O, həmçinin belə tədbirlərin əməkdaşlar arasında komanda ruhunun, sağlam rəqabət mühitinin və intellektual fəallığın gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
İntellektual oyunda iştirakçılara müxtəlif mövzuları əhatə edən suallar təqdim olunub. Komandalar bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Nəticələrə görə, birinci yerə İqtisadi sahələrin maliyyəsi şöbəsinin komandası, ikinci yerə Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin komandası, üçüncü yerə isə Büdcə şöbəsinin komandası layiq görülüb.
Sonda qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olunub.