Noyabrın 5-də “Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə “Hüquqlarım, büdcəm, gələcəyim” mövzusunda maarifləndirici-interaktiv tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərin uşaq hüquqları barədə məlumatlılığının artırılması, onlarda maliyyə savadlılığının inkişaf etdirilməsi, şəxsi büdcənin düzgün idarə olunması və qənaət vərdişlərinin formalaşdırılması olub.
Tədbiri giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Tural Məmmədzadə iştirakçıları salamlayaraq uşaq hüquqları, bu hüquqların qorunmasının əhəmiyyəti, uşaqların təhsil, inkişaf və bərabər imkanlardan istifadə hüquqları barədə məlumat verib. Bildirilib ki, uşaqların öz hüquqlarını bilməsi, onların müdafiəsi və cəmiyyətin fəal üzvü kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra şagirdlərlə maliyyə savadlılığı, şəxsi büdcənin planlaşdırılması, gəlir və xərclərin düzgün idarə edilməsi, eləcə də qənaət vərdişlərinin gündəlik həyatda tətbiqi mövzularında maarifləndirici söhbət aparılıb.
Tədbirin interaktiv hissəsində Nazirliyin əməkdaşı Aytən Mənsumzadə “Pulunun rejissoru sənsən!” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı şagirdlərə maliyyə resurslarından səmərəli istifadə, ehtiyac və istəklərin fərqləndirilməsi, xərclərin planlaşdırılması və düzgün maliyyə qərarlarının qəbul edilməsi barədə praktik nümunələr əsasında məlumat verilib.
Ardınca şagirdlərin fəal iştirakı ilə sual-cavab sessiyası keçirilib və əldə etdikləri biliklərin yoxlanılması məqsədilə oyun formatında test tapşırıqları təqdim olunub. İnteraktiv tapşırıqlar şagirdlərin mövzuya marağının artırılmasına və öyrəndikləri biliklərin praktik şəkildə tətbiqinə imkan yaradıb.
Tədbirin sonunda bütün iştirakçılar sertifikatlarla təltif edilib, test tapşırıqlarını düzgün və daha qısa müddətdə yerinə yetirən ilk üç nəfər şagirdə isə hədiyyələr təqdim olunub.