“Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib
Oktyabrın 22-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Nazirlik yanında İctimai Şuranın təşkilatçılığı, APFM - Peşəkar Mühasib Təşkilatının rəsmi tərəfdaşlığı ilə “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib.
Dövlət qurumlarının nümayəndələrinin, özəl sektor və ictimai təşkilatların təmsilçilərinin, eləcə də peşəkar mühasiblərin iştirak etdiyi konfransda dövlət maliyyəsinin rəqəmsal transformasiyası və inkişaf perspektivləri, maliyyə məlumatlarının səmərəli idarə olunması, şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində müasir yanaşmalar müzakirə edilib. Konfransda Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov da iştirak edib.
Konfransda çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev dövlət maliyyəsinin idarə olunmasında rəqəmsal transformasiyanın əhəmiyyətindən danışıb. Nazir dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və dividend siyasətinin təkmilləşdirilməsi sahəsində rəqəmsal həllərin tətbiqinin genişləndirildiyini bildirib. Qeyd edib ki, bu mexanizmlər maliyyə intizamının gücləndirilməsinə, risklərin erkən aşkarlanmasına və məlumatlara əsaslanan qərarvermənin təkmilləşdirilməsinə imkan yaradır.
Sahil Babayev dövlət maliyyəsinin idarə edilməsində süni intellekt və qabaqcıl analitika həllərinin tətbiqinin genişləndirilməsinin növbəti mərhələnin mühüm prioritetlərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə maliyyə risklərinin proqnozlaşdırılması, kənarlaşmaların avtomatik aşkarlanması, büdcə və xərc dinamikasının modelləşdirilməsi, eləcə də idarəetmə qərarlarının analitik əsaslarının gücləndirilməsinin nəzərdə tutulduğunu bildirib.
Nazir həmçinin dövlət maliyyəsi barədə məlumatların ictimaiyyətə əlçatanlığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə toxunaraq rəqəmsal həllərin vahid maliyyə ekosisteminin formalaşdırılmasına, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Konfrans çərçivəsində “Dövlət maliyyəsinin rəqəmsallaşdırılması: Sistemlərarası inteqrasiya və yeni idarəetmə modeli” və “Dövlət maliyyəsinin məlumat idarəetməsində dayanıqlığın təmin edilməsi” mövzularında iki panel sessiya keçirilib.
Panel sessiyalar çərçivəsində dövlət maliyyəsinin rəqəmsallaşdırılması, informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi, rəqəmsal maliyyə ekosistemində şəffaflığın, hesabatlılığın və ictimai etimadın gücləndirilməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin qiymətləndirilməsində məlumatlara əsaslanan audit və analitik yanaşmaların tətbiqi, nəticəyönümlü fiskal siyasətə keçid, eləcə də dövlət satınalmalarında məlumat bazalarının təkmilləşdirilməsi, rəqabət mühitinin qiymətləndirilməsi və risk indikatorlarının müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Həmçinin maliyyə əməliyyatlarının təhlili, risklərin erkən aşkarlanması, dövlət maliyyəsinin idarə olunmasında etibarlı məlumat ekosisteminin formalaşdırılması və bu prosesdə peşəkar mühasiblərin rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Foto Qalereya
Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)