Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə nazirliyin əməkdaşları ilə yanaşı, müvafiq ixtisaslarda təhsil alan tələbələr, Türkiyə Respublikası və ölkəmizdən tədbirə onlayn qoşulan iqtisadçı alimlər də iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən nazir müavini Həsən İsmayılov bildirib ki, Azərbaycanın iqtisadi inkişaf modelinin formalaşdırılması və maliyyə sabitliyinin təmin olunması Ulu Öndərin adı ilə bağlıdır. Yenicə müstəqillik qazanmış bir dövlətin möhkəm sütunları yalnız sağlam iqtisadi təməllər üzərində qurula bilərdi. Buna görədir ki, ali hakimiyyətə rəhbərliyinin hər iki dövründə Heydər Əliyev tərəfindən Azərbaycan üçün bu istiqamətlərdə ciddi və konkret addımlar atılıb, milli iqtisadiyyatın inkişafına dair bir çox strategiyalar hazırlanıb, icra edilib. Bu gün yüksələn xətlə inkişaf edən müasir Azərbaycan iqtisadiyyatına sağlam zəmin yaradılıb.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən bu gündən “Maliyyə maarifləndirilməsi” aksiyasına start verilib. Aksiya çərçivəsində muxtar respublika büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqı, əməyin ödənilməsi normaları və digər maliyyə mövzularında sualların cavablandırılması üçün nazirliyin əməkdaşlarından ibarət heyət formalaşdırılıb. İstənilən şəxs onu maraqlandıran aidiyyəti maliyyə məsələsi ilə bağlı nazirliyə şəxsən müraciət edə, suallarına cavab ala bilər.
Tədbirin moderatoru, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, dosent Mehriban İmanova “Ümummilli Lider Heydər Əliyev tərəfindən tənzimlənən maliyyə siyasəti yüksəliş yolumuzun uğurlu təməlidir” mövzusunda çıxış edərək keçid dövrünün ilkin mərhələsində Azərbaycanın daxili maliyyə resurslarına olan tələbatının ödənilməsi və büdcədə yaradılan çətin vəziyyətin aradan qaldırılmasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu maliyyə siyasətinin böyük rolu olduğunu qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının professoru, iqtisad elmlər doktoru Mübariz Bağırov “Heydər Əliyev və investisiya strategiyasının müasir nəticələri” mövzusunda çıxış edərək Ulu Öndər tərəfindən əsası qoyulan və ölkə Prezidenti tərəfindən davam etdirilən investisiya siyasətinin uğurlarından danışıb.
Konfransa onlayn platforma üzərindən qoşulan İstanbul Universitetinin professoru Haluk Tanrıverdi “Azərbaycan-Türkiyə iqtisadi və maliyyə əlaqələrinin inkişafında dünya şöhrətli siyasətçi Heydər Əliyevin rolu” adlı məruzəsində dahi şəxsiyyətin Türkiyə Respublikası ilə qurduğu əlaqələrin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını, Naxçıvanın iqtisadi çətinliklərinin aradan qaldırılması üçün lazım olan hərtərəfli dəstəyin, o cümlədən təmənnasız maliyyə yardımlarının edilməsində mühüm rol oynadığını vurğulayıb.
Nazirliyin Büdcə şöbəsinin müdiri İbrahim Vəliyev “Naxçıvandan başlayan iqtisadi islahatlar və maliyyə sabitliyinin təmin edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda çıxış edib.
Sonda “Ümummilli Lider Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” adlı videoçarx nümayiş etdirilib.