Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı tərəfindən Maliyyə Nazirliyində müşavirə keçirilib
Oktyabrın 21-də Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə YAP Naxçıvan şəhər təşkilatı “Cəlil Məmmədquluzadə küçəsi 21” (Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi) ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrlə bağlı müşavirə keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin İnsan resurslarının idarə edilməsi və sənədlərlə iş şöbəsinin müdiri Ramin Məmmədov və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı Musa Həsənli çıxış ediblər.
Ramin Məmmədov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət maliyyə siyasətinin əsas istiqamətlərindən, maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlardan və qarşıya qoyulan strateji hədəflərdən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət müstəqilliyinin və suverenliyinin qorunması, ölkənin iqtisadi qüdrətinin artırılması, milli maraqların təmin edilməsi və əhalinin sosial rifahının yüksəldilməsi mühüm prioritetlər kimi önə çəkilib. O, həmçinin iqtisadi və maliyyə sabitliyinin qorunmasının, mövcud potensialdan səmərəli istifadənin və dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Musa Həsənli çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi-siyasi şəraitindən, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşan inkişaf yolundan və Partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb. Həmçinin Prezident İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışının əsas istiqamətləri, müəyyən edilmiş prioritetlər və onlardan irəli gələn vəzifələr barədə məlumat verib.
Müşavirə zamanı dövlət siyasətinin əsas prioritetlərinə uyğun fəaliyyətin təşkili, qarşıya qoyulan vəzifələrin ardıcıl icrası və ölkənin sosial-iqtisadi inkişafına töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.
Foto Qalereya
Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)